#sizinhəmkar
  • ahik
  • mihi
  • Əmək hüquqlarını qoruyaq !

Əmək hüquqları

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlərinin əmək hüquqlarının qorunması, onların iş şəraitinin yaxşılaşdırılması və qanunvericilik çərçivəsində müdafiəsi istiqamətində daimi fəaliyyət göstərir.

Əmək hüquqları – hər bir işçinin layiqli iş, ədalətli əməkhaqqı, təhlükəsiz şərait və sosial təminat hüququnu özündə ehtiva edir. MİHİ, üzvlərinin bu hüquqlardan tam şəkildə faydalanması üçün hüquqi məsləhət xidməti göstərir, mübahisəli hallarda onları təmsil edir və məlumatlandırıcı tədbirlər həyata keçirir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təcrübədə həmkarlar ittifaqları tərəfindən tez-tez səslənən “Bir nəfərə vurulan zərər hər kəsə vurulan zərərdir...” devizini əsas götürməklə əmək və sosial-iqtisadi hüquqların müdafiəsini, eləcə də əmək münasibətlərini tənzimləyən digər məsələlər üzrə fəaliyyət göstərir.
Əmək insanların layiqli formada yaşaması üçün vacib elementlərdən biri olmaqla yalnız onların yaşayışını deyil, həmçinin fərdi inkişafı və ümumilikdə cəmiyyətin təməlinin möhkəmləndirilməsini təmin edir. Layiqli əmək və onun müqabilində verilən ədalətli əməkhaqqı fərdin şəxsi, peşə və həyat keyfiyyətinin inkişafında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində də göstərilir ki, “əmək fərdi və ictimai rifahın əsasıdır”. Məhz bu səbəbdən Konstitusiyamızın preambulası Azərbaycan xalqının ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək niyyətini bəyan edir. Konstitusiyanın 12-ci maddəsində vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu qeyd olunub, bunun nəticəsi olaraq həmin məqsədin təminat vasitələri Konstitusiyanın müxtəlif maddələrində öz əksini tapıb. Belə ki, vətəndaşların əmək münasibətləri sahəsində layiqli həyat səviyyəsini təmin edən və qoruyan başlıca konstitusion təminatlar 35-ci (Əmək hüququ) və 58-ci (Birləşmək hüququ) maddələrdə yer alır. 58-ci maddə işçilərin öz hüquqlarının müdafiəsi hərəkatında təşkilatlanmasını və qanuni mənafelərini layiqincə qorumalarını təmin etmək məqsədilə hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnun olduğunu təsbit edib.