Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, gənclərin və qadınların həmkarlar ittifaqı strukturlarında fəal iştirakını təşviq edir, onların hüquqlarının müdafiəsi və potensiallarının inkişafı üçün müxtəlif tədbirlər həyata keçirir.
GƏNCLƏR SİYASƏTİ
Müasir müstəqil Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, imzalanan bir çox sənədlər gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyənləşdirdi.
Bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər.
Qəbul edilmiş 20-dən artıq qanun, strategiya, dövlət proqramı və digər normativ-hüquqi aktlar məhz gənc nəslə dövlət qayğısının göstərilməsini nəzərdə tutur. Ölkəmizdə gənclər üçün Prezident Mükafatı təsis olunub, 2007-ci il “Gənclər ili” elan edilib, Azərbaycan Gənclər Fondu, “Gənclər evi” sosial xidmət müsəssisləri şəbəkəsi yaradılıb, gənclərin beynəlxalq tədbirlərdə təmsil olunması, ideya və təşəbbüslərinin dəstəklənməsi üçün dövlətin dəstək mexanizmləri formalaşdırılıb.
GENDER SİYASƏTİ
Gender bərabərliyi insanların cinsindən asılı olmayaraq bərabər hüquq, öhdəlik və imkanlara malik olması deməkdir. Bu prinsip yalnız sosial ədalətin göstəricisi deyil, həm də cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir. Təhsil, işəgötürmə, karyera və idarəetmədə bərabər imkanların yaradılması gender balansının qorunmasında mühüm rol oynayır. Dünyada aparılan araşdırmalar sübut edir ki, gender bərabərliyinin yüksək olduğu ölkələr daha sağlam sosial mühitə, inklüziv idarəetməyə və sabit iqtisadi göstəricilərə sahib olurlar.
Bu kontekstdə həmkarlar ittifaqları da xüsusi missiya daşıyır. Onlar işçilərin hüquq və maraqlarını müdafiə edən qurum kimi, iş yerlərində gender bərabərliyinin təmin edilməsinə töhfə verir və bu prosesi fəal şəkildə dəstəkləyirlər. Əsas fəaliyyət istiqamətlərinə hüquqların qorunması, maarifləndirmə və təlimlər, qanunvericilikdə gender bərabərliyinə dair mütərəqqi dəyişikliklərin təşviqi, həmçinin qadınların həmkarlar ittifaqlarında liderlik və qərarvermə proseslərində iştirakının artırılması daxildir.
Gender bərabərliyinin təşviqi yalnız qadınların deyil, bütün işçilərin daha sağlam və ədalətli mühitdə işləməsinə xidmət edir. Bu, həmkar həmrəyliyinin güclənməsinə, əmək münasibətlərində ədalətliliyin təmin edilməsinə və bütövlükdə cəmiyyətin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.