Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ölkədə mədəniyyət, incəsənət, idman və media sahəsində çalışanların sosial-iqtisadi hüquqlarının qorunması, əmək münasibətlərinin tənzimlənməsi və həmkar həmrəyliyinin gücləndirilməsi məqsədilə fəaliyyət göstərən birlikdir.
İlk dəfə 1905-ci ilin noyabrında “Çapçılar İttifaqı” adı ilə “Cildləmə, mətbəə və litoqrafiya fəhlələri cəmiyyəti” kimi yaradılan təşkilat, 1953-cü ildən etibarən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı adı ilə fəaliyyətini davam etdirmişdir. 1992-ci il 25 dekabr tarixində təşkilatın adı Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı, 2012-ci il 9 oktyabr tarixində keçirilən Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olmuşdur.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə əməkdaşlığa xüsusi önəm verir. 1992-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Birliyi, 2001-ci ildən Beynəlxalq İctimai Xidmətlər Təşkilatı (PSI), 2009-cu ildən isə Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür. Bundan əlavə, MİHİ, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (ITUC) və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (GCTU) fəaliyyətlərində yaxından iştirak edir.
MİHİ fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunlarını, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrini, Dəyişdirilmiş Avropa Sosial Xartiyasını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Nizamnaməsini, bu Nizamnaməyə və digər qanunvericilik aktlarını rəhbər tutur.
Təşkilat üzvlərinin hüquqlarının qorunması, sosial müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi, kollektiv müqavilələrin bağlanması və mədəniyyət işçilərinin peşə maraqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Bu gün MİHİ ölkənin ən böyük və nüfuzlu həmkarlar təşkilatlarından biri kimi, mədəniyyətin, incəsənətin və ictimai həyatın inkişafına xidmət edən, həmkar həmrəyliyi və sosial ədalət prinsiplərini əsas tutan qurumdur.
Üzv Təşkilatlar