- Ana səhifə
- Fəaliyyətlərimiz
- Gənclər və gender siyasəti
- Gender bərabərliyi siyasəti
"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.[1]
I Fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması;[2]
1.0.2. məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra - zərər çəkmiş şəxs) - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-cı maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs;[3]
1.0.3. məişət zəminində fiziki zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;
1.0.4. məişət zəminində psixi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;
1.0.5. məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri;
1.0.6. məişət zəminində cinsi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi;[4]
1.0.7. məişət zorakılığının qarşısının alınması - məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər;
1.0.8. yardım mərkəzləri - zərər çəkmiş şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumları;[5]
1.0.9. mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt.
Maddə 2. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər
3.0. Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri aşağıdakılardan ibarətdir:
3.0.1. hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2. qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi;
3.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi;
3.0.4. şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsi;
3.0.5. zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası;
3.0.6. məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı.
Maddə 4. Bu Qanunun şamil edildiyi şəxslər
4.0. Bu Qanun aşağıdakı şəxslərə şamil edilir:
4.0.1. yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumlarına, habelə birgə yaşadığı hallarda digər qohumlara;[6]
4.0.2. nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;
4.0.3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;
4.0.4. qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına.[7]
II Fəsil
MƏİŞƏT ZORAKILIĞI BARƏDƏ ŞİKAYƏTLƏRƏ BAXILMASI QAYDASI
Maddə 5. Məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları
5.1. Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır.
5.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş qaydada baxılır.[8]
Maddə 6. Məişət zorakılığı barədə şikayətlərin araşdırılması
6.1. Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılar səbəb ola bilər:
6.1.1. zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;
6.1.2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, media subyektlərindən daxil olmuş müraciətlər.[9]
6.2. Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və tibb müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.[10]
6.3. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.
Maddə 7. Məişət zorakılığı ilə bağlı şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqda, cinayət təqibi ilə yanaşı görülməli tədbirlər
7.0. Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra görülməli tədbirlər aşağıdakılardır:
7.0.1. zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına hüquqi yardımla, dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək;[11]
7.0.2. məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görmək;
7.0.3. məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını, araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyini təmin etmək;
7.0.4. araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək;[12]
7.0.5. məişət zorakılığını törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və onlarla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün tədbirlər görmək;
7.0.6. məişət zorakılığından zərər çəkmiş şəxsə və onun ailə üzvlərinə onların hüquqlarını, dövlət tərəfindən yaradılan və bu Qanunla müəyyən edilən vasitələrdən istifadə qaydalarını izah etmək;[13]
7.0.7. zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;
7.0.8. məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanması üçün əsaslar müəyyən olunmadığı halda həmin şikayəti aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmək;
7.0.9. zəruri hallarda məişət zorakılığı barədə şikayətlər üzrə araşdırmanı aparan digər dövlət orqanlarına kömək göstərmək.
Maddə 8. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri
8.0. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri aşağıdakıların təmin edilməsindən ibarətdir:
8.0.1. məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan keçirmək, araşdırmanı mümkün qədər qısa müddətdə aparmaq, müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparmaq və tərəfləri ayrılıqda dinləmək;
8.0.2. məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətdə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat olduqda həmin şikayəti aidiyyəti üzrə göndərmək;
8.0.3. müraciət etmiş şəxsə onun hüquqlarını, zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi, habelə bu məsələ ilə bağlı məhkəməyə müraciət qaydasını izah etmək;
8.0.4. müraciətə səbəb olmuş hərəkətlərin təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması üçün tədbirlər görmək;
8.0.5. araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
8.0.6. zəruri hallarda zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək, onu dövlət yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə, tibbi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardımla təmin etmək, təhsil alması, işlə təmin olunması, yeni peşələrə yiyələnməsi üçün, habelə sosial müdafiəsi ilə bağlı tədbirlər görmək;[14]
8.0.7. məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlər görmək;[15]
8.0.8. tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək;[16]
8.0.9. məişət zorakılığının təkrarlanmaması barədə zorakılıq törətmiş şəxsə xəbərdarlıq etmək və həmin xəbərdarlığın icrasına nəzarət etmək;
8.0.10. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək;
8.0.11. zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;
8.0.12. bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş tədbirləri təşkil etmək;.
8.0.12-1. məişət zorakılığının qarşısının alınması üzrə bu Qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etmək;[17]
8.0.13. məlumatın konfidensiallığına dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla, məişət zorakılığı ilə bağlı məlumat bankını yaratmaq, statistik məlumatların toplanmasını təşkil etmək;
8.0.14. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləməni və onların akkreditasiyasını həyata keçirmək;
8.0.15. məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək.
Maddə 9. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası[18]
9.1. Məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 5 (beş) gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda müraciət edilən vaxtdan 24 saat keçənədək baxılır.
9.2. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.
9.3. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur.
9.4. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur.
9.5. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
9.5.1. məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
9.5.2. məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
9.5.3. əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
9.5.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
9.5.5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
Maddə 10. Mühafizə orderi
10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilir.[19]
10.2. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir:[20]
10.2.1. məişət zorakılığının təkrar törədilməsi;
10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
10.3. Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.2-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:[21]
10.3.1. məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
10.3.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
10.3.3. zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
10.3.4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.
10.4. Mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.
Maddə 11. Məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi
11.1. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir.[22]
11.2. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçirilir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər.[23]
11.3. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.[24]
Maddə 12. Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası
12.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.[25]
12.2. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.[26]
12.3. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.
12.4. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.[27]
12.5. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.
12.6. Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.
III Fəsil
MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI SAHƏSİNDƏ TƏDBİRLƏR
Maddə 13. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin növləri
13.1. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin aşağıdakı növləri vardır:
13.1.1. hüquqi xarakterli tədbirlər - məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
13.1.2. sosial xarakterli tədbirlər - zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi;
13.1.3. qabaqlayıcı tədbirlər - əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili.
13.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı tədbirlər üzrə dövlət proqramları qəbul edilə bilər.
Maddə 14. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər
14.0. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir:
14.0.1. məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi;
14.0.2. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi;
14.0.3. zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi;
14.0.4. zərər çəkmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi;[28]
14.0.5. məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi;
14.0.6. məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına nəzarətin həyata keçirilməsi;
14.0.6-1. qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin icrasının həyata keçirilməsi;[29]
14.0.7. məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması;[30]
14.0.8. məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması;
14.0.9. qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməsi;
14.0.10. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmənin və həmin mərkəzlərin akkreditasiyasının həyata keçirilməsi.
Maddə 15. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər
15.0. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər aşağıdakılardan ibarətdir:
15.0.1. zərər çəkmiş şəxslərin sosial müdafiəsinin təşkili, onlara müvafiq sənədlərin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi;
15.0.2. zərər çəkmiş şəxslərə təhsilin davam etdirilməsində kömək göstərilməsi;
15.0.3. zərər çəkmiş şəxslərin işlə təmin edilməsində, yeni peşələrə yiyələnməsində kömək göstərilməsi;
15.0.4. zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına tibbi yardımın göstərilməsi;
15.0.5. zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kurslarının təşkili;
15.0.6. zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması;
15.0.7. zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi;
15.0.8. zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi.
Maddə 16. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər
16.1. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir.
16.2. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:
16.2.1. məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;
16.2.2. məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;
16.2.3. məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;
16.2.4. əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;
16.2.4-1. ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi;[31]
16.2.5. məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;
16.2.6. məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;
16.2.7. məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;
16.2.8. məişət zorakılığı törətmiş şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi;
16.2.9. məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.
16.3. Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 17. Zərər çəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın təmin edilməsi
17.1. Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.
17.2. Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanılması, zərər çəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.
17.3. Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı məlumat bankını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.[32]
17.4. Xidməti fəaliyyəti ilə bağlı məişət zorakılığı barədə müraciətlərin araşdırılması zamanı məlumatların konfidensiallığını təmin etməyən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 18. Məişət zorakılığı ilə bağlı məlumat bankı
18.1. Məişət zorakılığı ilə bağlı məlumat bankı müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
18.2. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır.
18.3. Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.4. Dövlət orqanları və yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
18.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materialları hazırlanır.
Maddə 19. Yardım mərkəzləri
19.1. Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.
19.2. Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
19.2.1. zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək;
19.2.2. zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək;
19.2.3. zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil etmək;
19.2.4. zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;
19.2.5. zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək;
19.2.6. zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək;
19.2.7. məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək;
19.2.8. zərər çəkmiş şəxslərin qarşılıqlı yardım qruplarını təşkil etmək;
19.2.9. zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsini təmin etmək.
19.3. Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.
19.4. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəçilik məqsədilə yardım mərkəzi kimi istifadə oluna bilər.
19.5. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməlidir.
19.6. Yardım mərkəzlərinin fəaliyyəti qaydası və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 19-1. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi
19-1.1. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.
19-1.2. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19-1.3. Müvafiq icra hakimiyyəti orqanı monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir. [33]
IV Fəsil
YEKUN MÜDDƏALAR
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il
№ 1058-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512)
2. 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685)
3. 4 may 2021-ci il tarixli 311-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyun 2021-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 547)
4. 17 fevral 2023-cü il tarixli 814-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 452)
5. 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361)
6. 29 mart 2024-cü il tarixli 1110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may 2024-cü il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 484)
7. 10 dekabr 2024-cü il tarixli 83-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 3)
8. 27 dekabr 2024-cü il tarixli 114-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral 2025-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 98)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə preambuladan “yaxın” sözü çıxarılmışdır.
[2] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 1.0.1-ci maddədən “yaxın” sözü çıxarılsın və həmin maddədə “şamil edildiyi” sözləri “4-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilmişdir.
[3] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 1.0.2-ci maddədə “bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona” sözləri “bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə” sözləri ilə əvəz edilmişdir.
[4] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 1.0.3 – 1.0.6-cı maddələrdə “şamil edildiyi” sözləri “4-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilmişdir.
[5] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685) ilə 1.0.8-ci maddədə “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilmişdir.
23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 1.0.8-ci maddədə “şəxslərə” sözü “şəxslərin müvəqqəti sığınacaqla təmin edilməsi, habelə onlara” sözləri ilə əvəz edilmişdir.
[6] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 4.0.1-ci maddəyə “habelə” sözündən əvvəl “ərin və arvadın yaxın qohumlarına,” sözləri əlavə edilmişdir.
[7] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 4.0.4-cü maddədən “yaxın” sözü çıxarılmışdır.
[8] 10 dekabr 2024-cü il tarixli 83-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 3) ilə 5.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[9] 4 may 2021-ci il tarixli 311-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyun 2021-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 547) ilə 6.1.2-ci və 6.2-ci maddələrdə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.
17 fevral 2023-cü il tarixli 814-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 452) ilə 6.1.2-ci maddəsində “kütləvi informasiya vasitələrindən” sözləri “media subyektlərindən” sözləri ilə əvəz edilmişdir.
[10] 10 dekabr 2024-cü il tarixli 83-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 3) ilə 6.2-ci maddədə “5-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “9.1-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.
27 dekabr 2024-cü il tarixli 114-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 fevral 2025-ci il, “Azərbaycan” qəzeti, 18 fevral 2025-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 98) ilə 6.2-ci maddədə “yetkinlik yaşına çatmayanların işləri və” sözləri “uşaq” sözü ilə əvəz edilmişdir.
[11] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685) ilə 7.0.1-ci, 15.0.5-ci və 19.2.3-cü maddələrə “reabilitasiya” sözündən sonra “və psixoloji korreksiya” sözləri əlavə edilmişdir.
23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 7.0.1-ci maddəyə “dövlət vəsaiti hesabına” sözlərindən sonra “hüquqi yardımla,” sözləri əlavə edilmişdir.
[12] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 7.0.4-cü maddədən “və ailədə münasibətlərin bərpa olunmasına” sözləri çıxarılmışdır.
[13] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 7.0.6-cı maddədə “əziyyət çəkən” sözləri “zərər çəkmiş şəxsə və onun” sözləri ilə əvəz edilmişdir.
[14] 8 oktyabr 2019-cu il tarixli 1676-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 noyabr 2019-cu il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1685) ilə 8.0.6-cı maddədə “psixoloji” sözündən əvvəl “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir.
[15] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 8.0.7-ci maddədə “əziyyət çəkən” sözləri “zərər çəkmiş” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə “müdafiəsi” sözündən sonra “, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması” sözləri əlavə edilmişdir.
[16] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 8.0.8-ci maddədən “və ailə münasibətlərinin bərpa olunmasına” sözləri çıxarılmışdır.
[17] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə yeni məzmunda 8.0.12-1-ci maddə əlavə edilmişdir.
[18] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 9.0-cı maddəyə “qərarlardan biri” sözlərindən sonra “və ya bir neçəsi” sözləri əlavə edilmişdir.
23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 9.0.1-ci və 9.0.2-ci maddələrdən “ilə bağlı hərəkətlər” sözləri çıxarılmışdır.
23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 9.0.5-ci maddəyə “sığınacaqla” sözündən əvvəl “müvəqqəti” sözü əlavə edilmişdir.
10 dekabr 2024-cü il tarixli 83-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 3) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 9. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar
9.0. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
9.0.1. məişət zorakılığı törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
9.0.2. məişət zorakılığı törətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
9.0.3. əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
9.0.4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
9.0.5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
[19] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 10.1-ci maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilmişdir.
[20] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 10.2-ci maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.
[21] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 10.3-cü maddədə “10.1-ci” sözləri “10.2-ci” sözləri ilə, “aşağıdakılar nəzərdə tutula bilər” sözləri “aşağıdakılardan biri və ya bir neçəsi göstərilir” sözləri ilə əvəz edilmişdir.
[22] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 11.1-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
11.1. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
[23] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 11.2-ci maddənin birinci cümlədə “30” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir və ikinci cümləyə “edilməsindən” sözündən sonra “və qısamüddətli mühafizə orderinin verilməsindən” sözləri əlavə edilmişdir.
10 dekabr 2024-cü il tarixli 83-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 3) ilə 11.2-ci maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[24] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 11.3-cü maddədən “ilə bağlı hərəkətlər” sözləri çıxarılmışdır və həmin maddəyə “şəxsin” sözündən sonra “xəbərdarlığa və” sözləri əlavə edilmişdir.
[25] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 12.1-ci maddədən “ilə bağlı hərəkətləri” sözləri çıxarılmışdır və həmin maddəyə “xəbərdarlığa” sözündən sonra “və qısamüddətli mühafizə orderinin tələblərinə” sözləri əlavə edilmişdir.
29 mart 2024-cü il tarixli 1110-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may 2024-cü il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 484) ilə 12.1-ci maddədə “və ya müvafiq icra hakimiyyəti orqanı” sözləri “, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror” sözləri ilə əvəz edilmişdir.
[26] 23 fevral 2024-cü il tarixli 1098-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 aprel 2024-cü il, “Azərbaycan” qəzeti, 16 aprel 2024-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 361) ilə 12.2-ci maddənin birinci cümləsində “30” rəqəmləri “60” rəqəmləri ilə, “müddətinə” sözü “müddətinədək” sözü ilə əvəz edilmişdir.
[27] 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512) ilə 12.4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
12.4. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir.
[28] 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512) ilə 14.0.4-cü maddəyə “şəxslərin” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir.
[29] 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512) ilə yeni məzmunda 14.0.6-1-ci maddə əlavə edilmişdir.
[30] 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512) ilə 14.0.7-ci maddədən “ilə bağlı hərəkətləri” sözləri çıxarılmışdır.
[31] 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512) ilə yeni məzmunda 16.2.4-1-ci maddə əlavə edilmişdir.
[32] 10 dekabr 2024-cü il tarixli 83-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 28 yanvar 2025-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 3) ilə 17.3-cü maddənin ikinci cümləsində “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilmişdir.
[33] 30 iyun 2017-ci il tarixli 763-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1512) ilə yeni məzmunda 19-1-ci maddə əlavə edilmişdir.